Azinfo » Siyasət » 10 noyabr Bəyanatı Azərbaycanın hərbi və diplomatik qələbəsidir - ŞƏRH

10 noyabr Bəyanatı Azərbaycanın hərbi və diplomatik qələbəsidir - ŞƏRH

Tarix : 06-11-2023   /   Siyasət   /   oxunub: 2 980



Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini Tarixi Qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın tam və birmənalı qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında qalan ərazilərimizi tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və bu ərazilərdə ancaq Azərbaycan qanunları işləyəcək.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının
iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Münaqişə artıq başa çatıb,
torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.

İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya
uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.



Elçin Sadıxov ,
YAP Masallı rayon təşkilatı
Böyük Kolatan ərazi partiya təşkilatının sədr müavini 

Şərhlər: 0

Şərh yaz