Azinfo » Siyasət » Zirvə görüşü Azərbaycanın dünyada söz sahibi olduğunu bir daha göstərdi - TƏHLİL

Zirvə görüşü Azərbaycanın dünyada söz sahibi olduğunu bir daha göstərdi - TƏHLİL

Tarix : 06-11-2023   /   Siyasət   /   oxunub: 318



PREZİDENT İLHAM ƏLİYEV: “Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”

Bəli bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Belə ki, Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Belə ki, martın 2-də sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün Bakıda keçirilməsi bir daha onu göstərdi ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

AZƏRBAYCAN PREZİDENTİ QOŞULMAMA HƏRƏKATININ SƏDRİ OLARAQ AZƏRBAYCANIN MƏQSƏDİ ƏDALƏTİ VƏ BEYNƏLXALQ HÜQUQU MÜDAFİƏ ETMƏKDİR

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Azərbaycanın və onun Prezidenti İlham Əliyevin bu təşkilatınişində göstərdiyi uğurli fəaliyyətin nəticəsi kimi ölkəmizin bu Hərəkata sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Azərbaycan Prezidenti Zirvə görüşündə çıxış zamanı bildirdi ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu: “Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdük. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib. Mən həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılmasını təklif etmişdim. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyi vurğulanıb, Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib”.

AZƏRBAYCANIN SƏDRLİYİNİN ƏN BÖYÜK UĞURLARINDAN BİRİ DƏ QH-NİN   TƏSİSATLANMASIDIR

Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında dövlətimizin başçısı bu Şəbəkənin əhəmiyyətindən danışıb, QH-yə üzv ölkələr arasında həmrəyliyə töhfə verəcəyinə inamını ifadə edib: “Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Həmin konfransdan bir ay keçməmiş – iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqləndi. Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır.

Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.

AZƏRBAYCAN HƏRƏKATA 4 İL SƏDRLİK ETMƏKLƏ BİR İLKƏ İMZA ATIB

Ölkəmizin bu təşkilata verdiyi töhfə nəzərə alındı və üzv dövlətlərin təşəbbüsü ilə təşkilat tarixində ilk dəfə olaraq ötən il sədrlik müddəti uzadıldı. Azərbaycan hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddəti 2023-cü ilə qədər uzadıldı. Beləliklə də, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başlandığı vaxtdan təşkilat siyasi arenada söz sahibi oldu. Bu il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, eləcə də müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Zirvə görüşü bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana bir sıra siyasi və diplomatik üstünlüklər gətirib, eyni zamanda bu dövrdə təşkilatın fəaliyyətində böyük bir canlanma baş verib. Belə bir mötəbər quruma rəhbərlik etmək, dünya ölkələrində ağır nəticələrə səbəb olan pandemiya ilə mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin göstəricisidir.

Həmçinin, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi dövrlərində təşkilat bir çox vacib təşəbbüslərlə çıxış etdi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında bir çox mühüm məqamlara toxunub. Belə ki, dördüncü ilinə qədəm qoyan Azərbaycanın sədrliyi dövründə atılan addımların xronologiyasına diqqət yetirdikdə Qoşulmama Hərəkatının nüfuzunun, dünya siyasətində yerinin və mövqeyinin güclənməsinin əsas hədəf olduğunu görməmək mümkün deyil. Məhz buna görə də Prezident İlham Əliyev BMT sistemində islahatların vacibliyi məsələsini qaldıraraq, dünya düzəninin yenidən qurulduğunu böyük inamla bəyan etdi. İndi bəşəriyyət “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha dünyaya sülh mesajları verdi. Azərbaycan uzun illər, hətta bu gün də ikili standartlar siyasətindən, haqsızlıqdan əziyyət çəkən ölkə kimi çalışır ki, dünyada ədalət bərpa edilsin. İmperialist və müstəmləkəçi siyasət yürüdən ölkələr bu siyasətdən əl çəkməlidir: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

QOŞULMAMA HƏRƏKATI YENİ DÜNYA DÜZƏNİNİN YENİDƏN FORMALAŞMASINDA FƏAL İŞTİRAK ETMƏLİDİR

“Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Qeyd edildiyi kimi, Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalətə və beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaq kimi prinsipləri özünün əsas meyarları hesab edir. Prezident İlham Əliyev hər zaman milli maraqlar zəminində dünya siyasətində mühüm rol oynayan beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə nail olur. Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə, böyük qələbələrə doğru aparır.

Martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında ölkəmizin Ermənistanın mina terrorundan əziyyət çəkdiyini xatırladıb: "Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır”.

Dövlətimizin başçısı bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb.

Eləcə də, Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib: "Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, mən səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istəyirəm”.

Həmçinin, dövlətimmizin başçısı bildirib ki, münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev bildirib Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkürünü bildirib: "Sonda isə sizi əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəkdir”.

Beləliklə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 19 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Və martın 2-də keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı, qlobal əhəmiyyətli təklifləri Azərbaycanın liderlik mövqeyini bir daha möhkəmləndirib və dünyada nüfuzu getdikcə artan, regionda aparıcı aktora çevrilən Azərbaycan təşəbbüsləri ilə qarşıdakı dövrdə də Hərəkatın dünya siyasətində söz sahibliyinin təmin edilməsinə öz töhfəsini verəcək.



Vidadi Nəzərov 
YAP Masallı rayon təşkilatı 
Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədri.

Şərhlər: 0

Şərh yaz